DELE - Diploma de Español como Lengua Extranjera
- Ramil İsmayılov
- Jan 21, 2021
- 2 min read
Updated: Feb 10, 2021

Azərbaycan dilinə tərcümədə “xarici dil kimi ispan dili diplomu” (Diplomas de Español como Lengua Extranjera) anlamı verən DELE 1989-cu ildə İspaniya Təhsil Nazirliyi tərəfindən yaradılmışdır. Bu imtahanın həyata keçirilməsinə 2002-ci ildən etibarən Servantes İnstitutu rəhbərlik edir. DELE beynəlxalq ispan dili imtahanı olmaqla, bu dili öyrənən hər bir kəsə öz dil səviyyəsini beynəlxalq kriteriyalar üzrə təsdiqləmək imkanı verir. Digər bir çox beynəlxalq avropa dil imtahanları kimi DELE öz namizədlərinə bir sıra üstünlüklər təklif edir:
1. DELE diplomu ispandilli ölkələrdə iş, təhsil imkanları yaratmaqla yanaşı İspaniya vətəndaşlığı üçün müraciət zamanı tələb olunan mühim bir sənəddir;
2. DELE diplomu digər bir çox beynəlxalq dil sertifikatlarından fərqli olaraq müəyyən bir zaman limitinə malik deyil. Başqa sözlə desək, imtahanı uğurla keçmiş hər bir namizəd əldə etdiyi diplomu heç bir vaxt məhdudiyyəti olmadan istədiyi zaman müxtəlif məqsədlərlə istifadə edə bilər;
3. Ümumilikdə 6 səviyyə (A1, A2, B1, B2, C1, C2) üzrə təşkil olunan DELE imtahanı yalnız İspaniyada deyil, Azərbaycan daxil olmaqla dünyanın bir sıra ölkələrində həyata keçirilir. Bir sıra beynəlxalq dil imtahanlarından fərqli olaraq namizəd imtahan vermək istədiyi səviyyəni əvvəlcədən müyyənləşdirib müvafiq imtahan mərkəzinə bildirməlidir. Bu isə hər bir səviyyədən asılı olaraq imtahan strukturunun fərqli olması ilə izah olunur. Qeyd etməliyik ki, ölkəmizdə DELE imtahanlarının mərkəzi Azərbaycan Dillər Universitetidir.
Qeyd etdiyimiz kimi, DELE imtahanları bir sıra avropa dilləri kimi 6 səviyyə- A1, A2, B1, B2, C1, C2 üzrə həyata keçirilir.
DELE imtahanın quruluşu 4 hissədən ibarətdir (C2 səviyyəsi istisna olmaqla):
1. Comprensión auditiva- Listening
2. Comprensión de lectura- Reading
3. Expresión e interacción escritas- Writing
4. Expresión e interacción orales- Speaking
Yuxarıda qeyd olunan dil bacarıqları iki qrupda birləşdirilir: Birinci qrupa Dinləmə (Comprensión auditiva) və Danışıq (Expresión e interacción orales) bacarıqları, ikinci qrupa isə Oxuma (Comprensión de lectura) və Danışıq (Expresión e interacción orales) bacarıqları daxil edilir. Hər iki qrup üçün müəyyənləşdirilmiş minimum bal limitini keçmiş hər bir namizəd həmin səviyyəni uğurla keçmiş hesab olunur.
*Qeyd: Hər qrup üçün müəyyənləşdirilmiş minimum keçid balı müxtəlif səviyyələr üzrə bir-birindən fərqlənə bilər.
DELE imtahanlarının keçirilmə tarixləri hər ilin əvvəlində Servantes İnstitutu tərəfindən müəyyənləşdirilməklə hər bir ölkə üzrə müvafiq imtahan mərkəzlərinə bildirilir. İmtahanların sayı isə hər bir ölkədən aslı olaraq fərqli ola bilər. Məsələn, Azərbaycanda bu imtahan ildə 1 dəfə - May ayında keçirilir.
Qeyd etməliyik ki, İspan Dili Mərkəzində DELE imtahanlarının hər bir səviyyəsi üzrə hazırlıqlar həyata keçirilir. DELE C1,CEFR C2 sertifikatlarına malik müəlllimlərimizlə İspaniyada əməkdaşlıq etdiyimiz bir sıra tədris müəssisələrinin nümayəndələrinin birgə müzakirəsi əsasında hazırlanan “DELEexpress” proqramı sayəsində hər bir tələbə imtahana daxil olan bütün strukturlar və mövzular üzrə həm yerli,həm də əcnəbi müəllimlərlə praktika etmək imkanı əldə edir.

Comments