İspaniya Azərbaycanlıları ilə müsahibə (4)
- Centro de Español Bakú
- Mar 5, 2021
- 6 min read

1. Ad, soyad və yaşınız?
- Babək Quliyev. 32 yaşım var.
2. Neçə müddətdir İspaniyada yaşayırsınız?
- Artıq üç il yarımdır ki, İspaniyada yaşayırıq.
3. İspaniyaya getməyə necə qərara gəldiniz? Məcbur bir hal oldu, yoxsa xüsusi bir seçim?
- Hər zaman həyat özü insanı seçməyə məcbur edir.
4. İlk vizanızı necə aldınız?
- Xoşbəxtlikdən əvvəllər də Avropaya səyahətim olmuşdu. Demək olar ki, heç vaxt viza problemi yaşamamışam. Əgər sənədlərin qaydasındadırsa, niyə də problem yaşayasan deyə düşünürəm.
5. İlk aylarda nə kimi çətinliklərlə üzləşdiniz? Adaptasiya müddəti necə idi? Tez adaptasiya oldunuz, yoxsa?..
- En qədər desəm, yalan olmaz. Çətinliklər hər zaman olub, olur, olacaq da. Biz nə qədər də desək ki, “çətinlik yoxdur”, bu, doğru olmaz. Çünki həyat
çətinliklərdən, keşməkeşlərdən ibarətdir. Xüsusilə, qürbət daha çətin, daha keşməkeşli olur. Əlbəttə, bura adaptasiya müddəti də daxildir. Bilirsiniz,
insan hər hala, vəziyyətə uyğunlaşan varlıqdır. Biz də, təbii, yaşadığımız şəhərə, mühitə, buranın insanına zamanla uyğunlaşa bildik.
6. Köçdüyünüz şəhər gözləntilərinizi qarşıladımı?
- Biz həyatdan, bu dünyadan qeyri-adi nəsə gözləmirik ki! Eləcə də yaşadığımız şəhər olsun. Turist kimi Avropanı gəzmək başqa, yaşamaq
başqadır. Yaşadıqca, müşahidə etdikcə insan hər şeyin fərqinə daha yaxşı varır, daha yaxşı anlayır...
7. İspaniyanın 5 müsbət və 5 mənfi tərəfini sadalaya bilərsinizmi?
- Əlbəttə! Müsbətlər: 1. Qanunun şahlığı; 2. Sosial yardımlar; 3. İqlim; 4. Gözəl və zəngin təbiət; 5. Qədim İspaniya tarixinin hər daşının, hər qayasının
bu günümüzə kimi qorunub saxlanması. Amma və lakin Abbasilər xilafətindən qalma bir çox məscidləri xilafətin süqutundan sonra XIV və XV
əsrlərdə söküb yerində kilsə və ya katedrallar tikiblər.
- Mənfilər: 1. Aşağı əxlaq normaları; 2. Cəmiyyəti ayaqda saxlayan ailə institutlarının darmadağın olması; 3. Böyük-kiçik arasında hörmət əlamətlərinin yerli-dibli götürülməsi; 4. İçki, siqaret və narkotik maddələrin istifadəsində kütləviliyin olması – özəlliklə də gənclər arasında; 5. Bu bəndə
də daha ətraflı cavab verək: Mənəvi böhran.
8. Azərbaycanda ən çox nə üçün darıxırsınız?
- “Nə üçün darıxmırsınız” deyə soruşsaydınız, bəlkə də, saya bilərdim, amma darıxdıqlarımız o qədər çoxdur ki, saymaqla bitməz. İlk növbədə Azərbaycan bizim ana vətənimizdir. Biz dünyanın harasında yaşasaq da, ana vətənin daşı, torpağı, havası, suyu belə darıxmaq üçün səbəbdir. Ona görə də, “hər şey üçün” desəm, daha doğru olar.
9. Azərbaycan, yoxsa ispan mətbəxi? İspan mətbəxi haqqında fikirləriniz? Ən çox sevdiyiniz milli yeməklər?
- Biz ən çox milli xörəklərə, xüsusilə də evdə yeməyə üstünlük veririk. Bəli, ispan mətbəxinin zəngin olduğu haqqında məlumatımız var, amma biz daha çox Azərbaycan milli mətbəxini tanıtmağa üstünlük veririk. Allah tərəfi bu günə kimi heç bir ispan və ya qeyri ispan milli mətbəximizdən narazı
qalmayıb. Sağ olsun, həyatımın yoldaşı, qəlbimin sultanı bu işin öhtəsindən məharətlə gəlir. Təbii, mən də bir işin qulpundan tuturam. Ailədə bir-birinə kömək etmək sevgini də, hörməti də artırır, uşaqlara isə gözəl nümunə olur.
10. Milli bayramlarınızı qeyd edirsiniz?
- Əlbəttə, həm milli, həm də dini bayramlarımızı böyük səbirsizliklə gözləyir, yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Hətta övladlarımızı da bu ruhda
böyütməyə çalışırıq. Bu, Avropada hər nə qədər çətin olsa da, ümidvarıq ki, bacaracağıq. Məsələn, qarşıdan Novruz bayramı, ardınca da Ramazan ayı və Ramazan bayramı gəlir. Bu iki bayrama indidən xüsusilə hazırlaşır, uşaqlara da bayram adətlərini öyrətməyə çalışırıq. Səməni üçün buğdamızı da artıq cücərtməyə başlamışıq. Xeyirlisi.
11. Azərbaycan xəbərlərini izləyirsiniz?
- Təbii ki, izləyirik. İndi dünya, eləcə də Azərbaycan olduqca çətin bir dönəmdən keçməkdədir. Bunun yükü də istər daxildə, istərsə də xaricdə yaşayan hər bir azərbaycanlının çiyinləri üzərinə düşür. Düşünürəm ki, xalq olaraq bu çətin dönəmdən başı uca çıxacaq, nə vətənimizi, nə dövlətçiliyimizi, nə də dəyərlərimizi insan qiyafətinə bürünmüş şeytanların ayaqları altına atacağıq.
12. Nə vaxtsa təməlli olaraq Azərbaycana qayıtmağı düşünürsünüz?
- Şübhəsiz! Allahın izni ilə bir gün bütün köçəri quşlar kimi biz də öz yurdumuza dönəcəyik. Mütləq və mütləq dönəcəyik... Həqiqətən, atalar doğru deyib: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”.
13. Azərbaycan və İspaniyanın bənəzər xüsusiyyətləri?
- İnsanlar baxımından soruşursunuzsa, bütün dünyanın insanları eynidirlər. Yəni insan orada da insandır, burada da. Sadəcə, bizi fərqləndirən dəyərlərimizdir. Təməlimiz nə qədər yaxşı atılırsa, sağlam dəyərlər üzərində qurulursa, o qədər də yaxşı insan oluruq. Yox, dəyərlər aradan gedəndə, insanda insanlıq deyilən bir şey də qalmır. Bəli, müəyyən imtiyazlar, sosial rifah estetik olaraq bizə bəzi mənfi halları gözəl göstərsə də, bu gözəgörünməz COVİD-19 virusu bütün estetik pərdələrin bəzəyini aradan apardı, bir çox şeylərin həqiqi simasını bizə göstərdi. Təbii ki, anlayana.
14. İspaniyada sizə qəribə gələn şeylər?
- Gənc nəsli məhv etmək üçün gözə gözəl görünən şəraitin olması.
15. İspaniyada olan, Azərbaycanda olmayan nəyi buraya gətirmək istərdiniz? (Bu bir adət-ənənə də ola bilər)
- Allah bizə hər şey verib. İlk növbədə, əlhəmdülillah, müsəlmanıq. Bu, ən böyük nemətlərdən biridir. İnsanın bütün anlarda onu sevən, onun üçün
durmadan rəhmət yağdıran bir Yaradanının olduğunu bilməsi özü belə böyük nəmətdir ki, Allah-təala Azərbaycan xalqına bunu bəxş edib. Sadəcə,
onun dəyərini bilmək, doğru-düzgün mənimsəmək, yeri gəldi qorumaq lazımdır. Bilirsiniz, üç il yarım az bir müddət deyil. Bunun üzərinə də yetəri
qədər mütaliə və müşahidələri gəlsək, əminliklə qeyd edə bilərəm ki, Qərbdəki həyat, dəyərlər prinsipi tənəzzülə uğrayıb, faicə ilə üzləşib, bizdə
isə problemdir hələ ki. Problemləri həll edə bilərik, amma faciənin fəsadları ağır və qalıcı olur. Təbii sərvətlərimizi sadalamağa da ehtiyac yoxdur deyə
düşünürəm. Sadəcə, müəyyən təbəqə arasında bölüşdürülməyə, xalqa da o sərvətlərdən pay düşə.
16. İspanların sizə ən qəribə gələn adət-ənənəsi?
- Buğa döyüşləri.
17. Düzdür ki, ispanlar əylənməyi çox sevir və heç nəyi dərd etmirlər?
- Bəli, elədir. Dünya-aləm veclərinə deyil.
18. İspanlar yeni il gecəsi saat 12 olanda 12 ədəd üzüm yeyirlər. Siz də bu
adəti yerinə yetirirsiniz?
- Bəli, yeyənlər də var, yeməyənlər də. Çox maraqlı adətdir. Yox, biz yerinə yetirmirik.
19. İspan dostlarınız var? Ümumiyyətlə, gündəlik əlaqədə olduğunuz insanlar daha çox hansı ölkələrdəndilər? Onlarla görüşəndə adətən nələr edirsiniz?
- Əlbəttə, var. Ən çox ispanlar, bir də latınlar üstünlük təşkil edirlər. Burada adət etdiyimiz ən gözəl şey qəhvə içməkdir. İspanlarda çay mədəniyyəti inkişaf etmədiyinə görə qəhvəylə idarə edirik.
20. İspaniyada iş tapmaqla bağlı çətinlikləriniz olubmu?
- 2008-ci il böhranından sonra İspaniyada iş problemi yaranıb və hələ də bu problem qalmaqdadır. İndi də koronavirus bəlası bütün Qərbi ağuşuna alıb. Amma sosial yardımlar hər zaman olub, yəqin, bundan da sonra olar.
21. İspaniyada ev kiralamaq, yoxsa almaq? Tək, yoxsa mənzili bölüşərək yaşamaq daha avantajlıdır?
- Əlbət ki, tək yaşamaq daha əlverişlidir. Ümumiyyətlə ailəli ola-ola bir başqa ailə və ya fərdlə mənzili bölüşmək bizə görə doğru deyil. Təbii,
subaylıq və ya tələbəlik illəri başqadır. Əgər imkan varsa, niyə də ev almayasan?!
22. İspaniyada sizə hansı məhsulların qiyməti baha və ya daha ucuz gəlir?
- Məncə, qiymətlər normaldır və ucuzluqdur. Lakin son bir ildə bir çox ərzaq malları, elektirk enerjisi və təbii qazın qiymətlərində müəyyən faiz yüksəlmələr baş verib.
23. Bir insanın orta aylıq xərci nə qədər təşkil edir?
- İnsandan insana fərq var. İnsan nə qədər qənaətcil olsa, o qədər də ona faydalı olar. Amma bilməli olduğumuz bir məqam da var ki, böyük şəhərlərlə
kiçik şəhər və kəndlər arasında olduqca böyük fərq olur. Yəni böyük şəhərlərin xərci çox, kiçik şəhərlərin isə az olur. Kiçik şəhərlərdə bir ailə üçün aylıq xərclər 900-1000 avro təşkil edirsə, bu rəqəm böyük şəhərlərdə 1500- 2000 avro arasında dəyişə bilər.
24. Kommunal, internet və mobil danışıqlar üçün nə qədər xərcləyirsiniz?
- Çox. Burada elektrik enerjisi, qaz, benzin, ictimai nəqliyyat olduqca bahadır. Bəzən olub ki, qış aylarında tək işıq puluna iki ay üçün 500 avro pul
ödəmişik.
25. Deyirlər ispanlar çox və ucadan danışırlar?
- Dəhşətli dərəcədə çox və ucadan danışırlar. Qulağını tut və qaç. ))
26. Çox pulunuz olsaydı, İspaniyada nəyin əsasını qoyardınız, hansı bizneslə məşğul olardınız?
- Əvvəla, istəməzdim çox pulum olsun. Çoxun çox, azın az dərdi olur. Amma əgər çoxlu pulum olsaydı, Azərbaycan və İspaniya arasında biznes körpüsü
qurardım. Bir çox sahələr var ki, yatırım etmək və yaxşı gəlir götürmək olar.
27. İspaniyada ən çox hansı sektorun işçiləri qazanır?
- Nəinki İspaniyada, indi bütün dünyada elə bir sömürgəçi düzən – kapitalist, faizçi iqtisadi sistem qurulub ki, sionistlərdən və onların nökərlərindən başqa heç kəs qazana bilmir. 7 milyard insan bir ovuc sionistin əlində məhv olmağa doğru sürüklənir.
28. İspanların xaricilərə olan münasibəti?
- Yenə də gəldik başa. İnsanın insana, təbiətə olan münasibəti onun dəyərlərindən asılı olan bir şeydir. Məsələn, əgər bir insan millətçidirsə, o istər-istəməz rasist olacaq, yox, müsəlmandırsa, ürəyində Allah xofu olacaq. İndi bəzi insan populyasiyası yetişib ki, buradakı “xof” sözünüzü şişirib özlərindən böyük bir sensasiya doğurmaq istəyirlər, amma qeyd etdiyimiz xof heç də sevgini rədd etmir. Uzun sözün qısası, hər yerin yaxşısı da var, pisi də.
29. Qaldığınız şəhər nəyi ilə məşhurdur?
- Məsələn, rəssam Qoya ilə.
30. İspaniyanın ən sevdiyiniz şəhəri və gəzməli-görməli yerlərdən haraları məsləhət görərdiniz?
- Bilirsiniz, İspaniya böyük bir tarixə, coğrafiyaya və təbiətə malikdir. VIII əsrdən Avropaya yayılmış, buraya mədəniyyət və elm gətirmiş İslam tarixini
görmək istəyənlər üçün İspaniyanın cənubunu, Aralıq dənizinin xoş qoxusunu duymaq, Antonio Qaudinin inciləri və qədim ispan mədəniyyəti ilə
tanış olmaq istəyənlər üçün Katalonya, Madrid və Araqon, təbiətin gözəlliyindən zövq almaq, sözün həqiqi mənasında dincəlmək istəyənlər
üçün isə İspaniyanın şimalını məsləhət görərdim. İspaniyanın ən çox sevdiyim şəhəri isə Barselonadır. Barselona ilə bağlı gözəl xatirələrimiz var.
Allahın izni ilə bir gün danışarıq.
31. Övladlarınızın dostlarına nəzarət edirsiniz? Övladlarınızın bir ispan, yoxsa azərbaycanlı kimi böyüməsini istərdiniz?
- Bir oğlum və bir qızım var. Hər ikisi də məktəbə gedir və ispan dilində əsl ispanlar kimi danışırlar çox şükür. Əlbəttə, hər ikisinə də xüsusi nəzarət
edirik, dostlarına da həmçinin. Avropada uşaq böyütmək, ona gözəl əxlaq vermək olduqca çətindir. Həm elmlərinə, həm də əxlaqlarına ciddi nəzarət
edir, onları azərbaycanlı kimi yetişdirməyə çalışırıq. Allah izn verərsə, bacararıq. Gerisi artıq onlara qalıb. Hətta qeyd edim ki, oğlumda, eyni zamanda qızımda da Azərbaycana, yurduna qarşı böyük bir sevgi formalaşıb.
32. Həyatını İspaniyada qurmaq istəyən gənclərə nə kimi tövsiyələriniz var?
- Çox gözəl sualdır. Əlbəttə ki, hər kəsin öz düşüncəsi, öz qərarı var, amma mən yurddan uzaqlaşmaq istəyənlərə 100 dəfə, 1000 dəfə götür-qoy etmələrini, ölçüb-biçmələrini tövsiyə edərdim. Əziz yurddaşım, inan, dünyanın harasına getsən də, orada sənə dünyaları versələr də, yenə də qəribsən. Yeri gəlmişkən dərc etdirməyə hazırlaşdığım yeni kitabım “Sabaha ümid yarat”dan sizin üçün bir bənd şeir paylaşıram:
Vətən həsrətini hər çəkəndə mən,
Misralar alışıb yandı qürbətdə.
Ayrılıq dilimdə ən acı bir qəm,
Bağrıma düşdükcə yandı qürbətdə.
Allaha əmanət olun!